Siyasət

“700 nəfər AXCP-yə üzv olmaq üçün müraciət edib” – Əli Kərimli

“Həmvətənlərimiz partiyamıza üzv olmaq üçün kütləvi şəkildə müraciətlər edirlər. Son 2 ayda 700 nəfərə qədər həmvətənimiz AXCP-yə üzvlük üçün müraciət edib”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlamanı AXCP sədri Əli Kərimli verib. O, bildirib ki, müraciət edənlərin 637 nəfəri partiyaya üzvlük üçün elektron anketi dolduraraq, digərləri isə onun və AXCP-nin feysbuk səhifəsinə yazaraq, partiya funksionerlərinə müraciət edərək üzv olmaq istədiklərini bildiriblər: “Hazırda partiya funksionerləri müraciətləri araşdırır. Və həmin şəxslər nizamnaməyə uyğun şəkildə partiyaya qəbul olunur”.

Ə. Kərimli deyib ki, bu son 2 ayda edilən kütləvi üzvlük müraciətləri önəmlidir: “Etiraf edim ki, 19 yanvar mitinqi öncəsi və sonrakı günlər partiyamızın repressiyaya ən çox məruz qaldığı vaxtlar idi. Elə vaxt oldu ki, partiyamızdan həbsdə olanların sayı 60 nəfərə çatdı (16 siyasi məhbus və 46 nəfər inzibati qaydada həbs olunmuş). Biz isə növbəti mitinqlərə hazırlaşmalı idik. O zaman xalqımıza müraciət etdik ki, sıralarımızın seyrəlməsinə imkan verməyin. Riskli olsa da, ölkəmizin qurtuluşu üçün mübarizənin önündə olub, əsas zərbələri qəbul edən təşkilatın zəiflədilməsinə imkan vermək olmazdı.

Millətimizin cəsur oğul və qızları çağırışımıza səs verdilər. Nəinki strukturlarımızın zəifləməsinə imkan vermədilər, sıralarımıza qoşularaq bizi daha da gücləndirdilər. Partiyamıza yeni qoşulan hər bir həmvətənimizə “AXCP ailəsinə xoş gəldiniz” deyirəm. Ədalətli və qədirbilən xalqımıza verdiyi dəstəyə görə təşəkkür edirəm. Xalqımızın kütləvi narazılığını kütləvi və dinc etiraza çevirmək, köklü dəyişiklikdən sonra ölkəmizdə demokratik inkişafı təmin etmək üçün təşkilatlanmağımız zəruridir”.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button