Siyasət

“Biz göy-göyərti satıb ordu qurmamışıq” – Rusiya primitiv üsullardan istifadə edir – AÇIQLAMA

“Azərbaycan dostluq və mehriban qonşuluq niyyəti göstərərək Rusiyaya beynəlxalq imicini yüksəltmək şansı verib”.

Savash.org xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov bildirib.

O vurğulayıb ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb: “Azərbaycanda xalq, ordu və dövlət birliyi olduğu üçün rus əsgərinin bölgəyə gəlməsinə skeptik yanaşan kəsimlər, eləcə də, çoxsaylı sualları və narazılığı olanlar belə məsələyə sükutla yanaşaraq Rusiya sülhməramlılarının öz öhdəliklərinə əməl edəcəklərinə inandılar. Lakin Rusiya sülhməramlıları 10 noyabr razılaşması ilə müəyyən olunmuş səlahiyyət hüdudlarını aşdı. Azərbaycan üçün kağız parçasından fərqli məna kəsb etməyən xəritələr dövriyyəyə buraxıldı ki, bu da artıq özbaşınalıq sayılır, Azərbaycanda Rusiya sülhməramlılarına olan etimad sual altına alınır.

Sülhməramlıların bölgədə fəaliyyət istiqaməti beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Bu səlahiyyətləri aşaraq suveren bir dövlətin ərazisini əhatələyən xəritənin cızılması yolverilməzdir, Rusiya öz öhdəliklərini pozur. Şimal qonşumuz bir şeyi aydın bilməlidir ki, yeni güc mərkəzi olan Azərbaycanı artıq kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etmək kimi primitiv üsullarla nəyəsə məcbur etmək olmaz. Biz göy-göyərti satıb ordu qurmamışıq, Azərbaycan dünyanın aparıcı iqtisadi oyunçularındandır, heç kimdən tam mənada asılılığı olmayan neft-qaz ixracatçısı, habelə müdafiə sənayesi, habelə kosmik sənaye ölkəsidir. Bu mənada, əksinə, Rusiyaya bölgədə sülhməramlı missiyaya sahib olmaq kimi bir şans verməklə Azərbaycan dostluq və mehriban qonşuluq niyyəti göstərərək Rusiyanın özünə beynəlxalq imicini yüksəltmək şansı verib. Habelə, Rusiya tərəfi unutmamalıdır ki, Azərbaycan ciddi daxili birliyə malik, yeni nəsil müharibədə tək ermənistana yox eyni zamanda bölgədə onun havadarlarına qalib gəlmiş bir dövlətdir”.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button