Siyasət

“Daxili düşmənlərin əlilə ordumuza, XTQ-yə zərbə vurmaq istəyirlər” – Saxta başkəsmə videoları necə hazırlanır?

Sosial mediada, xüsusən Teleqram kanallarında Azərbaycan hərbçiləri ilə bağlı bəzi paylaşımlar ciddi rezonans doğurub. Təqdim olunan videolarda baş, qulaq kəsmə və s. işgəncə səhnələri əks olunub. Bu ətrafda geniş ictimai müzakirələr aparılır, bəzi bloqerlər hüquq-mühafizə orqanlarına müraciət edərək bu görüntülərlə bağlı araşdırma aparmağa çağırırlar.

Xatırladaq ki, Baş Prokurorluq bu cür hallarla bağlı cinayət işi açıb, istintaq aparır. Qurumdan verilən məlumata görə, işgəncə görüntüləri olan videoların bir qisminin saxta, Azərbaycan Ordusuna qarşı düşmən qüvvələri tərəfindən hazırlanması istisna deyil.

Xüsusi xidmət orqanlarının keçmiş zabiti, politoloq Ərəstun Oruclu da Azərbaycan Silahlı Qüvvələrinə qarşı çirkin kampaniya aparıldığını bildirib. O, ictimaiyyətə müraciətində yayılan videoların saxta olduğunu və arxasında xarici kəşfiyyat qurumlarına bağlı şəxslərin durduğunu vurğulayıb.

“Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib”, – Ə.Oruclu qeyd edir. Ekspert diqqəti ona yönəldir ki, son günlər Azərbaycan əsgərlərinin guya, baş kəsməsilə bağlı videolar yayılır. “Bu videolarda ermənilərin başını kəsənlər kimi əsasən məhz xüsusi təyinatlılarımız əks olunub. Şəxsən mən həmin videoların saxta olduğuna, məqsədli hazırlandığına və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı “Tərtər işi” tipli təxribata hazırlıq məqsədi güddüyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər”.

Ekspert əminliyini bildirir ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. “Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir. Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət Azərbaycanın qalib ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq”.

Ə.Oruclu sözügedən videoların saxtalığını sübut edən bir neçə məqamı qeyd edir. “Etik səbəblərdən və düşmənin mərkli planlarına dəstək olmamaq üçün həmin videoların heç birini paylaşmıram, amma müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı sizlərlə bölüşməyi zəruri hesab edirəm. Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır.

Gəldiyimiz digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir. Üçüncü məqam isə videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da ideal seçilib.

Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Teleqram kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların “əlinə düşməsi” təbii ki, suallar doğurmaya bilməz. Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik”.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button