Siyasət

Moskva görüşü niyə məxfi saxlanır? Hadrut, Şuşa və Laçın məsələsi…

Yanvarın 11-də Putinin vasitəçiliyi ilə keçiriləcək Əliyev-Paşinyan görüşü haqqında sensasiya yaradan xəbər hələlik rəsmi təsdiqini tapmayıb. Eyni zamanda, təkzib də yoxdur.

Bunun yalan məlumat olmadığını ehtimal etsək, yəqin ki, 10 noyabr tarixli atəşkəs haqqında bəyanatı inkişaf etdirəcək siyasi qərarların qəbul ediləcəyi gözlənilir.

Çox güman ki, söhbət əsirlərin dəyişdirilməsinin və digər humanitar məsələlərin həllinin davam etdirilməsindən gedəcək.

Ermənistan tərəfi, yəqin ki, qaçqınların Hadrut rayonuna və Şuşa rayonunun kəndlərinə qaytarılması məsələsini qaldıracaq. Öz növbəsində, Bakı, üçtərəfli bəyanatda razılaşdırıldığı kimi, Xocalının qaytarılması və yol kommunikasiyalarının açılması məsələsini qaldıracaq. Laçın şəhərinin azərbaycanlılara qaytarılması, habelə Qazax rayonunun iki anklavının qaytarılması da ayrıca bir məsələ olaraq qaldırılacaq.

Bu məsələlərin taktiki məsələlər olduğunu hesab etsək, Qarabağın siyasi gələcəyi və ya onun statusu strateji məsələ olaraq qalır. Çox güman ki, əsas məsələ məhz bu məsələ olacaq.

Tərəflər hər hansı bir yeni sənəd imzalasalar, həmin sənəddə ərazi bütövlüyünün tanınması məsələsi əks olunmalıdır. Amma, eyni zamanda tərəflər ATƏT-in Minsk Qrupunun tərkibində danışıqların bərpasına razılıq da verə bilərlər. Bu, Bakıdan daha çox Moskvaya və Yerevana lazımdır. Ermənistan üçün bu, Vaşinqton və Parisin dəstəyi ilə öz mövqeyini gücləndirmək zəmanətidir, Moskva üçün isə Rusiyanın problemi tərəfdaşları ilə birlikdə həll etməyə hazır olduğunu göstərmək cəhdidir.

Necə olursa olsun, görüş baş tutarsa, onun ciddi nəticələri olacaq. Hələlik isə Ermənistan baş naziri özünü təcrid edib. Onun yenidən virusa yoluxduğunu elan etsələr (Londonda olan prezident Sarkisyan kimi), deməli, Yerevan ciddi danışıqlara hazır deyil.  /Turan



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button