Siyasət

Qarabağ ətrafında yeni oyun: “Üç ölkə Türkiyəyə qarşı…” – Müsahibə

“Artıq münaqişə tarixi kontekstdə öz həllini tapıb. Azərbaycan Ordusu və onun Ali Baş Komandanı Minsk Qrupunun həll etməli olduğu missiyanı həyata keçirib, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılıb və bu proses digər istiqamətlərdə də davam edəcək. Buna görə də, Dağlıq Qrabağın statusu ilə bağlı hansısa müzakirələrin aparılmasına lüzum görmürük. Amma görünür, bölgədə mövqelərinin zəifləməsindən narahat olan Fransa bununla barışmaq istəmir”.

Savash.org politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

– Rusiya “Dağlıq Qarabağın statusu” məsələsində gündəmdə saxlamağa çalışır. Prezident Vladimir Putindən sonra Federasiya Şurasının spikeri Valentina Matvyenko da bu məsələyə diqqət çəkdi, dedi ki, statusun müəyyən edilməsi yeni danışıqlar tələb edir. Əgər münaqişə Putinin də əvvəllər dediyi kimi, öz həllini tapıbsa, hansı statusdan söhbət gedə bilər və Rusiya tərəfinin bu səyləri nəyə hesablanıb?

– Rusiyanın bütün səyləri Cənubi Qafqazda, xüsusən də Azərbaycanda maraqlarının təmin edilməsinə hesablanıb. Rusiya hələ XIX əsrdə – 1828-ci ildə Qacarlarla Türkmənçay müqaviləsini imzaladıqdan sonra Azərbaycanda maraqlarını təmin etmək üçün erməniləri Qarabağ və Naxçıvan ərazilərinə köçürmüşdü. Bu baxımdan, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində erməni faktorunun aradan qaldırılması Rusiyanın bölgə ilə bağlı maraqlarına cavab vermirdi.

Rusların burada təmsil olunması və bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya zaman-zaman statusla bağlı məsələləri müzakirəyə çıxarmağa çalışacaq. Noyabrın 10-da əldə edilmiş anlaşma həm də Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini ehtiva edirdi. Beynəlxalq hüququn müddəalarına istinad etsək, sülhməramlıların qarşısında mühüm vəzifələr durur: sülhü qorumaq, sülhü yaratmaq və ya sülhə məcbur etmək. Amma görürük ki, sülhməramlılar beynəlxalq hüquqla onların üzərinə qoyulmuş problemlərin həlli istiqamətində addımlar atmaqdansa birtərəfli mövqe sərgiləyirlər. Bu yolverilməzdir.

Rusiya sülhməramlıları Azərbaycanla razılaşdırmadan müharibə vaxtı qaçan erməniləri Ermənistan ərazilərindən yenidən Xankəndinə qaytarır. Ermənilərin təhlükəsizliklərinin təmin edilməsi istiqamətində Rusiyanın atdığı addımlar anlaşılan olsa da, sosial problemlərin həlli ilə bağlı məsələləri öz üzərinə götürməsi anlaşılan deyil. Çünki Dağlıq Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin üzərinə düşən missiyadır. Həmin məsələlər o zaman Azərbaycan dövlət tərəfindən həll ediləcək ki, onlar Azərbaycan dövlətinin qanunlarını tanıyacaq və ölkəmizin suveren hüquqlarını qəbul edəcəklər. Hələlik ermənilər anlaşmada əksini tapmış bu müddəalara əməl etmirlər.

Nə erməni xalqı, nə Ermənistan iqtidarı, nə də hakimiyyətə can atan erməni müxalifəti kapitulyasiya ilə bağlı fikirləri yaxın buraxırlar. Bunlar da Ermənistana havadarlıq edən və erməni təmsilçiliyinin Qarabağda qalmasında maraqlı olan məlum güc mərkəzlərinin təhriki ilə baş verir.

Qeyd edim ki, ermənilərin Qarabağda qalması ilə bağlı məsələlər Rusiya ilə yanaşı Fransanın da gündəmindədir. Rusiya və Fransa prezidentləri arasında baş tutan son danışıqlarda da Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub. Təəssüflər olsun ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri Rusiya tərəfindən pozulur. Rusiyanın siyasi rəhbərliyi bunu etiraf etmir.

Vladimir Putin mətbuat konfransında da xüsusi eyhamla vurğuladı ki, Dağlıq Qarabağ beynəxalq hüquqa görə Azərbaycan ərazisidir. Əgər Dağlıq Qarabağ Azərbaycan ərazisidirsə, o zaman həmin ərazilərdə Azərbaycanın suveren hüquqları gözlənilməli, Azərbaycan özünün suveren hakimiyyətini orada bərqərar etməlidir. Amma biz hələlik Rusiya tərəfindən bu istiqamətdə addımların atıldığını görmürük.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button