Cəmiyyət

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəs pozuntusu qeydə almayıb

“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində müşahidələr aparılır”.

Bunu Türkiyə Silahlı Qüvvələrinin polkovniki Ali Karakaş Ağdam rayonu ərazisində yerləşən Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, əsas vəzifələri bölgədə silahlı qarşıdurmaya son vermək, atəşkəsə nəzarət etməkdir: “Mərkəzdə atəşkəsin pozulub-pozulmaması ilə bağlı məlumatlar toplanılır, doğru olub-olmaması müəyyənləşdirilir. Pilotsuz uçuş aparatları və digər mənbələrdən alınan məlumatlar qeydiyyata alınır. Bundan sonra araşdırılır və atəşkəsin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görülür”.

Rusiya ordusunun polkovniki Mixail Zavalkin isə həftənin 7 günü 24 saat pilotsuz uçuş aparatları ilə müşahidə aparıldığını vurğulayıb: “Bu günədək hər hansı pozuntu təsbit etməmişik”.

Qeyd edək ki, Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi cari il yanvarın 30-da fəaliyyətə başlayıb. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla – su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədad müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.


Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button