Uncategorized

Tarif Şurası vətəndaşı nə qədər ziyana salıb? – 2 dəfə çox xərcləyəcəyik

Əhali istehlak qrupu üçün satılan suyun qiymətinin artırılması ümumi xərclərdə kommunal xidmət xərclərinin payının artmasına səbəb olacaq. Son 20 ilin təhlili göstərir ki, su, işıq, qaz və digər yanacaq növlərinin tədricən bahalaşması hesabına onlara çəkilən xərcin ümumi xərclərdə payı 2 dəfəyə yaxın artıb. 

“SAVAŞ” sfera.az-a istinadla xəbər verir ki, 2001-ci ildə əhali hər ay adambaşına kommunal xidmətlərə 1,5 manat xərcləyib. Həmin ildə kommunal xidmətin əldə edilməsinə çəkilən xərc ümumi xərclərin 4,71 faizini təşkil edirdi. Başqa sözlə hər ay adambaşına 100 manat xərclənirdisə, bunun 4,71 manatı kommunal xidmətlərin alınmasına sərf olunurdu. 2005-ci ildə kommunal xidmət xərclərinin ümumi xərclərdə payı 6 faizi, 2011-ci ildə 7 faizi ötdü. 

2001-ci illə müqayisədə kommunal xərclərin payının artması xidmət növlərinin bahalaşması ilə bağlıdır. Əvvəllər kommunal xidmət tarifləri çox aşağı olduğundan əhalinin xərclərində onun payı nəzərə çarpmırdı. Lakin sonrakı illərdə xidmətlərin genişləndirilməsi və keyfiyyətin artırılması qiymətlərin də artımını zəruri etdi. 

2015-ci ildə baş verən 2 böyük devalvasiyadan sonra kommunal xidmət növlərinin qiymətinə yenidən baxıldı. Əhali qrupuna aid olan istehlakçılar üçün 2016-cı ildə elektrik enerjisinin və suyun qiyməti, 2017-ci ildə qazın qiyməti artırıldı.

Bu artımlardan sonra adambaşına düşən xərclərdə kommunal xidmətlərin alınmasına çəkilən xərcin payı 7,5 faizlik həddi ötdü. 2019-cu ilin məlumatına əsasən əhali adambaşına kommunal xidmətlərə 22,6 manat xərcləyib ki, bu da cəmi istehlak xərclərinin 7,6 faizi qədərindədir.

2021-ci ilin fevralın 1-dən suyun qiymətinin 2 dəfə artırılmasından sonra kommunal xidmət xərclərinin payının bir qədər də yüksəlməsini proqnozlaşdırmaq olar. Normativlərə əsasən bir nəfər ay ərzində 5 kubmetr sudan istifadə edir. Su istehlakına uyğun olaraq bir o qədər də çirki su kanalizasiya sisteminə axıdılır. Ümumilikdə bir nəfər ay ərzində 10 kubmetr təmiz və çirkli su istehlak etmiş olur. Əvvəllər bu qədər suyun istifadəsinə görə ayda adambaşına 5 manat ödənilirdisə, fevraldan 10 manat ödəniləcək. Əhalinin su istehlakının sabit qalacağını nəzərə alsaq, suyun və kanalizasiya xidmətinin 2 dəfə bahalaşması hesabına əhalinin adambaşına düşən kommunal xidmət xərcləri ən azı 5 manat artaraq 27,6 manata yüksələcək. 

Buradakı hesablama 2019-cu ildəki göstərici ilə müqayisədə müəyyənləşdirilib. Proqnozlaşdırmaq olar ki, 2021-ci ildə əhalinin istehlak xərcləri bir qədər də artacaq. Bütün proqnozlar nəzərə alındığında məlum olur ki, 2021-ci ilin sonunda əhalinin kommunal xərclərinin cəmi xərclərdə payı 9 faizə yüksələcək.

Vasif

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button